“Dilqəm Əsgərov və Şabhaz Quliyev erməni girovla dəyişdirilə bilər”

Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq bir ildən çoxdur erməni girovluğundadır. Erməni tərəfinin təşkil etdiyi “məhkəmə prosesi”ndə Dilqəm Əsgərov 22 il, Şahbaz Quliyev isə ömürlük həbs cəzasına məhkum olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkildiyini, vəziyyətlərinin qənaətbəxş olduğunu açıqlasa da, ailələri onların taleyindən çox narahatdır. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva hökumət şərait yaradacağı təqdirdə girovlara baş çəkə biləcəyini açıqlasa da, sonradan bu məsələ öz aktuallığını itirdi. Komitə rəhbəri Modern.az saytına növbəti açıqlamasında bunun düşünüldüyü qədər asan olmadığı qənaətindədir:
“Ora getmək o qədər də asan məsələ deyil. Bunun üçün həm Azərbaycan, həm də erməni tərəfinin müvafiq strukturları ilə danışıqlar aparılmalıdır. Təbii ki, erməni tərəfi Azərbaycandan kiminsə girovlara baş çəkməsində maraqlı deyil. Girovlarla nəinki maraqlanırıq, həm də erməni tərəfinə müraciət etmişik. Amma hələ ki nəticələr yoxdur”. Arzu Abdullayeva Dilqəm və Şahbazın “cinayət işi”nə yenidən baxılacağını da istisna etməyib:
“Biz Dilqəm və Şahbazın işinə yenidən baxılmasına çalışırıq. Nümayəndələrimiz -Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Oxancanyan və Assableyanın üzvü Svetlana Cangiryan daim onlara baş çəkir və bizə məlumat verirlər. Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi ölüm hadisəsini qətlə yetirilən Həsən Həsənovun törətdiyi qənaətindədir və bunu sübuta yetirməyə çalışır. Belə olan təqdirdə girovların “cinayət işi”nə yenidən baxıla bilər. Onların hətta Azərbaycan tərəfə qaytarılması da mümkün olar”.
Hüquq müdafiəçisi girovların geri qaytarılmasının səbəbkarının Rusiya olduğunu bildirir.
“Bəzi qüvvələr çalışır ki, Azərbaycan-Ermənistan münasibətləri daha da dərinləşsin. Məsələn, Rusiya istəsəydi, girovlar indiyə qədər çoxdan azad edilərdilər. Təəssüf ki, girovların azadlığı humanitar deyil, siyasi məsələyə bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda da erməni girovları var və onlar dəyişdirilə bilərlər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın “girovların dəyişdirilməsindən söhbət gedə bilməz” deməsinə baxmayaraq, erməni oğlanın Həsən Həsənov tərəfindən öldürülməsi təsdiqini tapacağı təqdirdə, Dilqəm və Şahbaz Azərbaycanda saxlanılan erməni girovlarla dəyişdirilə bilər”,-deyə Arzu Abdullayeva bildirib.
733 dəfə oxundu