Gələn ilin vergi sürprizləri – HÖKUMƏT KARTLARINI AÇDI

Gələn il Azərbaycanın vergi sistemində ciddi dəyişikliklər olacaq. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2016-cı ilin dövlət büdcəsi ilə bağlı hesabatda bildirilir. Hesabatdan məlum olur ki, gələn il bəzi vergi güzəştləri ləğv ediləcək və ya məhdudlaşdırılacaq. Bəzi vergi növləri üzrə isə dərəcələrin artırılması da istisna edilmir.
Ən ciddi dəyişikliklər sadələşdirilmiş vergidə olacaq
Hesabatın «Büdcə-vergi siyasətinin gəlirlər üzrə əsas istiqamətləri» bölməsinə əsasən də bildirilir ki, gələn il sadələşdirilmiş vergi sistemi təkmilləşdiriləcək. Bunun üçün mövcud qanunvericiliyə dəyişikliklər ediləcək. Bundan başqa, iqtisadiyyatın bəzi sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi ödənilməsi qaydaları üzrə seçim hüququ veriləcək.
Gömrük güzəştləri ləğv ediləcək
Digər maraqlı yenilik xarici ticarətlə bağlı olacaq. Hesabatda bildirilir ki, gələn il iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılacaq. Daha dəqiqi onlar məhdudlaşdırılacaq və ya ümumiyyətlə ləğv ediləcək. Eyni zamanda gösrük tarifləri sistemi təkmilləşdiriləcək və daha azpilləli sistemə keçid üçün işlər aparılacaq.
Vergi yığımı üsulları sərtləşdiriləcək
Vergi yığımların artırılması üçün planlaşdırılan əsas tədbirlərdən biri hesablanmış verglərin daxilolmalarının yığım faizinin artırılmasıdır. Qeyd edək ki, hesablanmış vergi və büdyə toplanan vergi yığımları ayrı-ayrı anlayışlardır. Bəzi hallarda hesablanan vergilərin heç də hamısını büdcəyə yığmaq mümkün olmur. Eyni qayda isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin də yığımının artırılması nəzərdə tutulur.
Bəzi vergilər üzrə yığımlar artırılacaq
Yuxarıda deyilənlər özünü Vergilər Nazirliyinin büdcə ödəmələri ilə bağlı proqnozlarda da göstərir. Belə ki, proqnozlara görə, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat ödənilməsi nəzərdə tutulub. Bu 2015-cü illə müqayisədə 510 milyon manat və ya 7,2 milyon manat azdır. Bu rəqəmə uyğun olaraq gələn il bəzi vergi növləri üçün yığımlarda doğrudan da azalmalar proqnozlaşdırılır. Amma bəzi hallarda bu azalmaar cüzidir. Bəzi vergi növləri üzrə isə ümumiyətlə artım olacaq.
Azalacaq vergilər:
Büdcə layihəsinə görə,gələn il
- Mənfət vergisi 1 milyard 821 milyon manat nəzərdə tutulub, bu 2015-ci ildən 389,4 milyon manat və ya 17,6% azdır. Burada azalmanın əsas səbəbi neftin ucuzlaşmasının həm neft, həm də qeyri-neft sektoruna təsir etməsidir.
- Əlavə Dəyər Vergisi üzrə daxil olmalar 2 milyard 326 milyon olacaq, bu 2015-ci illə müqayisədə 26 milyon manat və ya 1,1% azdır. Maraqlıdır ki, digər sahələrdəki kəskin azalmaların fonunda ƏDV-nin yığımlarında azalma proqnozu cəmi 1% təşkil edir.
- Fiziki şəxslərdən gəlir vergisi 957 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci ildəkindən 25 milyon manat və ya 2,5% azdır. Hesabatda bildirilir ki, proqnoz müəyən ediləndə gələn il tətbiq ediləcək vergi güzəştləri nəzərə alınıb.
- Aksiz vergiləri 532 milyon manat nəzərdə tutulub, bu 2015-ci ildən 32 milyon manat və ya 5,7% azdır. Azalma proqnozuna səbəb gələn il ölkədə aksizli məhsulların istehsalının azalmasıdır.
- Sair daxil olmalar 304 milyon manat planlaşdırılır, bu da 2015-ci ilə nisbətən 77 milyon manat və ya 20,2% azdır.
- Dövlət rüsumu üzrə daxil olmalar 105 milyon manat nəzərdə tutulub, bu da 2015-ci ilin göstəricilərindən 10 milyon manat və ya 8,7% azdır.
- Mədən vergisi 107,2 milyon manat nəzərdə tutulub, bu 2015-ci ildən 8,8 milyon manat və ya 7,6% azdır.
Artacaq vergilər:
- Sadələşdirilmiş vergi üzrə gəlirlər 170 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci ilə nisbətən 25 milyon manat və ya 17,2% artıqdır.
- Yol vergisi üzrə ödənişlər isə 70 milyon manat gəlirlər nəzərdə tutulub. Bu 2015-ci illə müqayisədə 20 milyon manat və ya 40% artıqdır.
- Torpaq vergisi 50 milyon manat nəzərdə tutulub, 2015-ci ildən 2 milyon manat və ya 4,2% artıqdır.
- Hüquqi şəxslərin əmlak vergisi 159,2 milyon manat nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə, 11,2 milyon manat və ya 7,6% artıqdır. Artım proqnozuna səbəb əvvəlki illərdə ölkə iqtisadiyyatına əsas kapitala qoyulan investisiyaların dəyərinin artması ilə izah olunur.
434 dəfə oxundu