“New York Times”ın Məkkə hadisələri ilə bağlı tükürpərdici iddiaları

“New York Times”ın Məkkə hadisələri ilə bağlı


Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüzlərlə zəvvarın ölümü ilə nəticələnən faciə barədə dəhşətli iddia yayılıb. “New York Times” qəzeti şahidlərə istinadən hadisə vaxtı VIP avtomobillərin keçməsi üçün polislərin yolu bağladığını və faciəyə səbəb olan izdihamın yaşandığını yazıb. Bu barədə həmin qəzetə məlumat verən Səudiyyə Ərəbistanının hökumət rəsmisi Xalid Saleh hadisə yerinə çatdığı vaxt zəvvarların, VIP maşınların keçməsi üçün çıxışların bağlı olduğunu dediklərini bildirib. Liviyalı zəvvar Əhməd Əbubəkr həmin vaxt polislərin bir yol xaricində bütün giriş və çıxışları bağladığını bildirib. Faciədə 131 vətəndaşını itirən İranın Həcc ziyarəti komitəsinin rəhbəri Səid Ohadi hadisə yerinin yaxınlığında olan iki yolun naməlum səbəbdən bağlı olduğunu bildirib.

Səudiyyə Daxili İşlər Nazirliyinin sözçüsü general Mənsur Türki havanın temperaturunun yuxarı olması ilə zəvvarların yorğunluğunun pik həddə çatdığını deyib. Sözçü, əks istiqamətdə hərəkət edən iki izdihamlı qrupun necə olub qarşı-qarşıya gəlmələri barədə istintaq başa çatana qədər heç nə deyə bilməyəcəyini bəyan edib. Hadisə günü Məkkədə havanın temperaturunun 46 dərəcəyə çatdığı qeyd edilib.

Həcc ziyarəti üçün akreditasiyadan keçmiş jurnalistlər isə saatlarla faciənin baş verdiyi məkana buraxılmayıblar.


Ziyarətin təşkilatçılığı barədə növbəti tənqid “İslam İrsi Araşdırmaları Fondu”nun qurucusu İrfan əl Əlavidən gəlib. Əlavi, hadisə günü çox sayda polis olmasına baxmayaraq onların kifayət qədər təlim görmədiklərini, xarici dil bilmədiklərini, əcnəbi zəvvarlarla necə rəftar edəcəklərini bilmədiklərini vurğulayıb. Əlavi həmçinin polislərin belə anlar üçün vacib olan kütlə nəzarətindən də xəbərsiz olduqlarını deyib.

İngiltərənin Səudiyyə Ərtəbistanındakı keçmiş səfiri Uilyam Patey faciəni şərh edərkən bu ölkəyə dəstək nümayiş etdirib: “Doğrudur, Səudiyyə Ərəbistanının ziyarət təşkiatçılığı mükəmməl deyil. Amma bu istiqamətdə səyləri davam edir. “Qəzadır, oldu!” deyib keçmirlər. Hadisəni araşdırırlar və oxşar qəza əsla baş vermir. Həcc ziyarətinin təşkili həqiqətən çox çətindir”.

Məkkədəki türkiyəli jurnalistlərdən biri isə hadisənin şahidi olmuş yaralı zəvvarlarla söhbət edərək faciəyə səbəb ola biləcək 5 səbəbi açıqlayıb.

1. Yolun ortasında olan naməlum təyinatlı yük maşını.
2. Əlil arabalı zəvvarların izdihamın hərəkətinin intensivliyini pozması.
3. Havanın temperaturunun 50 dərəcəyə yaxınlaşması səbəbindən çadırların üzərindən su səpilməsi və zəvvarların sərinləmək üçün bu yerə axın etməsi.
4. Səud polisinin yolu bağlaması ilə keçiş yollarının daralması.
5. Zəvvarların rəhbərlərin təlimatlarına riayət etməməsi.


Tanınmış suriyalı politoloq və jurnalist Hüsnü Məhəlli isə hadisə barədə sosial şəbəkədəki səhifəsində daha dəhşətli iddialar irəli sürüb. Məhəlli faciənin kral ailəsi daxilindəki vəliəhdlik intriqası səbəbindən baş verdiyini yazır:

“Həcc cinayəti vəliəhd Muhamməd bin Naif ilə onun vəliəhdi, kralın oğlu Muhamməd bin Salman arasındakı çəkişmənin nəticəsidir.
Kran hadisəsi Muhamməd bin Naif ilə kralın oğlu Muhamməd bin Sultan arasındakı çəkişmənin nəticəsidir.
Kran və izdiham hadisələri bəhanə olunaraq ölkə rəhbərliyində “təmizlik” işləri aparılacaq. Kralın oğlu düşmənlərindən xilas olacaq”.

İki gün əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərində 753 zəvvarın ölümü, 887 nəfərin isə xəsarət alması ilə nəticələnən faciə baş verib. Qəza Mina çölündə yaranan izdiham nəticəsində baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...