Ali Hərbi Məktəbdə işləyən fəhlələrin pullarını kim talayıb?

Redaksiyamıza dünən təqdim olunmuş daha bir şikayət ərizəsində növbəti dəfə təmir-tikinti işlərinə cəlb olunmuş bir qrup vətəndaşın aldadılaraq, pullarının verilməməsi faktından bəhs olunur. Məlum olduğu kimi, bu gün ölkənin inşaat sektorunda belə hallara arzuolunmaz qədər çox rast gəlinir. Həm də təəssüflər olsun ki, əksər hallarda ziyan çəkmiş tərəf, yəni pulunu ala bilməyən usta və fəhlələr son nəticədə üzləşdikləri çıxılmaz vəziyyətlə barışmalı olur, ən yaxşı halda isə, onlara “ortaq məxrəc” kimi qazandıqları pulun yalnız müəyyən bir hissəsi verilir.
Çox acınacaqlı haldır ki, bu kimi vəziyyətlərə çox zaman hüquq mühafizə orqanları tərəfindən müdaxilə olunmur. Baş vermiş hal cinayət tərkibi olmayan əməl kimi qiymətləndirilmir, şikayətçi tərəfin əlində bir çox hallarda yetərincə sübut-dəlil olmur və buna görə də faktiki olaraq vətəndaşların pulunu mənimsəmiş fırıldaqçılar cəzasız qalırlar. Əslində isə, bu kimi əməllər mahiyyət etibarı ilə dövlətçiliyimizin əsaslarının zəiflədilməsinə yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir.
Baxın nə baş verir. Dövlət bu və ya digər məqsədlər üçün müəyyən binanın inşasına və ya təmirinə külli-miqdarda vəsait ayırır. Bu zaman bütün digər məqamlarla yanaşı həm də nəzərdə tutulur ki, inşaat işlərinə onlarla, bəzən isə yüzlərlə usta və fəhlə cəlb olunacaq. Deməli, həmin insanlar da işləyib pul qazanacaqlar və bu yolla dövlət öz vətəndaşlarını işlə (həm də rəsmi sənədlərə əsasən yüksək əmək haqqı ilə) təmin etməklə, onların qayğısına qalmış olacaq. Fırıldaqçıların müdaxiləsi nəticəsində isə, vətəndaşlar faktiki olaraq pulsuz istismara məruz qoyulurlar. Şəxsən mən əminəm ki, bu kimi halları birbaşa dövlət əleyhinə təxribat kimi qiymətləndirmək lazımdır.Redaksiyamıza müraciət etmiş Saatlı rayonu, Mircəlal kənd sakini Müşfiq Əhmədovun təsvir etdiyi vəziyyətdə isə, fırıldaqçılar öz yaramaz əməllərini həyata keçirmək üçün hətta ulu öndər Heydər Əliyevin adını daşıyan Ali Hərbi Məktəbi obyekt kimi seçməkdən belə çəkinməyiblər.
Ərizədə bildirilir ki, 2014-cü ilin may ayından Müşfiq Əhmədovun və daha otuz nəfərin daxil olduğu briqada Ali Hərbi Məktəbin ərazisində kursantlar üçün inşa olunan (3000 kv.m-lik sahəsi olan) yeməkxananın tikinti işlərinə cəlb olunub. İş üzrə razılaşma Mustafa adlı Türkiyə vətəndaşı, eləcə də Zaur və Pərviz adlı şəxslərin timsalında üç nəfərdən ibarət qrupla əldə olunub. Şikayətçilər bildirirlər ki, Ali Hərbi Məktəbin ərazisinə giriş-çıxış qaydaları ciddi olduğuna görə, işçilərlə tələb olunan bütün müqavilə və sənədlər də qaydasında bağlanaraq imzalanıb. Ərizədə qeyd olunur ki, 2014-cü ilin sonunadək görülmüş işlər üzrə ödənişlər vaxtında və tam olaraq həyata keçirilib. Lakin 2015-ci ilin ilk dörd ayı ərzində görülən işlərin pulu bu gün də ödənilməyib. Briqada üzvləri öz haqlarını tələb etdikdə isə, Pərviz və Zaur onların işdən kənarlaşdırılaraq, ərazidən qovulmalarına nail olublar.
Bundan sonra işçilər rəsmi ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. Ərizəyə baxılaraq, işin araşdırılması Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai rayon şöbəsinə tapşırılıb. Burada şikayətin araşdırılması ilə Qurban müəllim adlı şəxs məşğul olub və o, şikayətçilərə bildirib ki, məsələ tezliklə öz həllini tapacaq. Həqiqətən də, bir neçə gün sonra briqada üzvlərinin təmsilçiləri 3-cü mikrorayon ərazisində Pərviz və Zaurla görüşüblər. Bu şəxslər söz veriblər ki, 10 gün ərzində qalan borcu, yəni 18000 (on səkkiz min) manat vəsaiti tam ödəyəcəklər. Amma, şikayətçilərin qarşısında şərt qoyulub ki, şikayət ərizəsini geri götürsünlər. Bundan sonra şikayətçilər yenidən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai rayon şöbəsinə gələrək, Qurban müəllimlə görüşüblər və məsələni ona danışıblar.
Çox qəribədir ki, vəziyyət barədə dəqiq məlumatlı olan bu məmur, şikayətçilərə pul almadıqları halda, bunun əksini təsdiq edən sənəd imzalamağı təklif edib. Başqa sözlə, Əmək Müfəttişliyinin əməkdaşı fəhlələri əslində almadıqları pulu guya ki, aldıqları barədə sənədə imza atmağa təhrik edib. Həm də bu zaman Qurban müəllim qeyd edib ki, əgər qarşı tərəf deyilən müddətdə pulu ödəməsə, şikayətçilər yenidən ərizə ilə müraciət edə bilərlər. Təbii ki, pul bu günə qədər ödənilməyib. Və əgər iş məhkəməyə gedib çıxarsa, o zaman Qurban müəllimin də şikayətçilərə pulun birbaşa onun iştirakı ilə ödənilməsinə dair şahid ifadəsi verəcəyi bizi heç təəccübləndirməz…
Adları keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
610 dəfə oxundu