Dilçilik İnstitutundakı 2 milyonluq yoxlama ilə bağlı – Rəsmi açıqlama
AMEA-nın Nəsimi Adına Dilçilik İnstitutunda aparılan yoxlamalar hələ də davam edir. Bunu AzNews.az-a açıqlamasında Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli deyib. O bildirib ki, Dilçilik İnstitunda yoxlamalar bu həftə də davam edəcək: “Tam olaraq yoxlamalar gələn həftə bitəcək. Ondan sonra yoxlamanın yekunları ilə bağlı açıqlama verəcəyik. İndi isə nəsə deyə bilmərik”.
Xatırladaq ki, institutda yoxlamanı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə, akademiyanın üzvləri, hüquqşünasları, baş mühasib, işlər idarəsinin rəisi aparır.
İnstitutun direktoru Tofiq Hacıyev isə AzNews.az-a bildirib ki, yoxlama üzvləri ondan 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyonun hesabatını soruşurlar: “Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.
Qeyd edək ki, bir müddət əvvəl Tofiq Hacıyev tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevin müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.
292 dəfə oxundu