Azərbaycandan getmiş, xaricə sığınmış eks-deputatlar...

Azərbaycandan getmiş,


Siyasət çox təzadlı fəaliyyət sahəsidir. Kimlərinsə illərin zəhməti hesabına əldə etdiyi yüksək postlar, enişli-yoxuşlu yollarda mübarizə apararaq qazandığı uğurlar hansısa bir sözün, diplomatik etiketlərə sığmayan hərəkətlərin güdazına gedə bilər.
Ya da ki, heç bir siyasi savadı və səriştəsi, idarəetmə qabiliyyəti olmayan biri qısa bir zamanda vəzifəyə gəlməklə özünə həyat üfüqlərində yeni cığır açar.

Siyasətdəki bu cür təzahürlərin adı nədir? Açığı bu, elə bir mürəkkəb sistemdir ki, konkret anlayışla ifadə etmək bir az müşkülə çevrilir.

Siyasətin ironiyasına bax! Siyasi zirvələri fəth etmək yolunda pillə-pillə addımlayan bəzi insanlar sanki o pillələrdən yıxılır və ömürlük “şikəst” qalır. Siyasət müstəvisindəki bu cür sentimental anlar gözümüzün önündən necə də kino lenti kimi gəlib keçir.

Biz axı bəzi simaların bir zamanlar Azərbaycan daxilində az-çox siyasi çəkiyə malik olduqlarını, sonra isə bu çəkini itiridiklərini görmüşük. Sanki artıq onlar qeybə çəkilib, ya da varsalar belə, artıq siyasi karyeraları üçün qarşılarında yalnız qırmızı işıq mövcuddur.

Onlardan bir qismi elə ölkə daxilindədir. Müəyyən bir hissəsi isə xaricdə mühacirətdədir. Onların sırasında isə keçmiş deputatlar da az deyil.

Modern.az saytı parlament seçkiləri ərəfəsində xaricdə mühacirət həyatı yaşayan eks-deputatlarla bağlı yazını təqdim edir:

Təbii ki, ilk olaraq Azərbaycan Milli Məclisinin keçmiş spikeri Rəsul Quliyevin adını çəkmək yerinə düşər. 1993-cü ildən 1996-cı ilə kimi siyasi fəaliyyətinin zirvəsində olan Rəsul Quliyev sonradan ABŞ-a mühacirətə yollanıb. Bu, elə 1996-cı ildə baş verib. Yəni, həmin ildən etibarən Rəsul Quliyevin Azərbaycandakı siyasi həyatına “stop” qoyulub. Eks-spiker hazırda ABŞ-da mühacirətdədir.

Ordubad Seçki Dairəsindən parlamentı deputat seçilmiş Hicran Kərimovu bəlkə də bəziləri xatırlamır, amma xatırlayanlar da az deyil. Hicran Kərimov 1995-ci ildə deputat mandatı ilə vidalaşıb. O, hazırda Rusiyada yaşayır. Müsahibələrinin birində o, 1995-ci ildən 1998-ci ilə kimi Belarusa yaşadığını, daha sonra isə Moskvaya köçdüyünü deyib. H.Kərimov hərdən Azərbaycana da gəlib-gedir.

1992-ci ilin may ayında xarici işlər naziri təyin olunan Tofiq Qasımov 1993-cü ilin aprelinə kimi bu vəzifədə qalıb. Tofiq Qasımov 1990-cı ildə Azərbaycan parlamentinə deputat seçilib. 1991-ci ilin noyabrında Ali Sovetdə xalq deputatlarından ibarət yaradılan 50 nəfərlik Milli Şuranın sıralarında Tofiq Qasımov da olub.

Eks-nazir 1995-ci il sentyabrın 19-da həbs edilib. Ona qarşı həmin ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsi üzvləri ilə hökumət qüvvələri arasında qarşıdurma zamanı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi irəli sürülüb.
1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılıb. Tofiq Qasımov hazırda İsveçrənin Lütsern şəhərində yaşayır.

1995-2000, 2000-2005-ci illərdə parlamentin üzvü olmuş eks-deputat Rza İbadov isə hazırda Londonda yaşayır. O, 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək Azərbaycanı tərk edib və İngiltərəyə gedib.

Milli Məclis üzvü olmuş Şamil Yusifov 1995-ci ildə 31 saylı Birinci Kəpəz Seçki Dairəsindən deputat seçilmuşdi. 1995-ci il seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi Milli Məclisin deputat mandatını qazanan 5 nəfər 1998-ci ildə YAP-ı tərk etdikləri haqda bəyanat verərək, Azərbaycan Demokrat Partiyasına (ADP) keçiblər. Onların arasında Şamil Yusifov da olur. Şamil Yusifov 2000-ci ildə ölkəni tərk edib və məlumatlara görə, o hazırda Londonda yaşayır.

YAP-ın qurucularından biri olmuş Rəfael Allahverdiyev 1993-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Eyni zamanda Milli Məclisin deputatı olub. Keçmiş mer 2000-ci ilin oktyabr ayında deputat mandatından imtina edib və xaricə köçüb.
O, 2004-cü ildən İsveçrədə yaşayıb. 2009-cu ilin yanvar ayında vəfat edən Rəfael Allahverdiyev Bakıda dəfn edilib.

Tanınmış bəstəkar Hüseyn Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında Nazirlər Kabinetinin hesabatı müzakirə olunarkən əlbəyaxa dava baş verdi. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı.
Bu davaya görə Hüseyn Abdullayev Fəzail Ağamalının şikayəti əsasında Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) və 132-ci (döymə) maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan məhkəmənin qərarı ilə o, iki il sınaq müddətinə şərti azadlığa buraxılıb.
Hazırda bəstəkar fəaliyyəti ilə məşğul olan Hüseyn Abdullayev 2013-cü ildə Almaniyadan siyasi sığınacaq alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...