O namizəd təbliğatında qanunları pozdu - FOTOLAR
Parlament seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Seçkiqabağı təşviqat kampaniyası bir neçə üsulla aparıla bilər. Bunlardan biri də Seçki Məcəlləsinin 74.2.3 bəndinə əsasən çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılmasıdır. Artıq çap olunmuş bəzi təbliğat materialları Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulmuş xüsusi lövhələrə yapışdırılıb. Bununla yanaşı, MSK tərəfindən nəzərdə tutulmamış yerlərə də bəzi namizədlərin seçki plakatlarının yapışdırması halları da var.
Belə namizədlərdən biri də 124 saylı Şuşa – Ağdam – Xocalı - Xocavənd Seçki Dairəsindən deputatlığa namizəd Ağalar Əliyevdir. Cebhe.info-nun məlumatına görə, onun seçki plakatları Mərdəkan qəsəbəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı "Energetika" pansionatının divarlarına, giriş-çıxış qapılarına qeyri-qanuni şəkildə yapışdırıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, MSK tərəfindən çap materiallarının təbliğatı üçün 6 min lövhə seçki dairələrinin sərəncamına verilib. Belə ki, o lövhələr şəhərin ən çox görünən hissələrinə yerləşdirilib: “Bundan başqa çap materiallarının tarixi-mədəniyyət obyektlərinə, abidələrə yapışdırılması qəti qadağandır. Digər özəl obyektlərə isə seçki plakatlarının yapışdırılması ancaq MSK ilə obyekt sahibi arasında razılıq əldə edildikdən sonra mümkündür”.
475 dəfə oxundu