Şəmkirdə yeni tikilən məscid sökülür - FOTOLAR

GUNDEMİNFO.AZ yazır ki, Hafta.az-ın əldə etdiyi xəbərə görə, ötən gün Şəkir rayonunun Zəyəm qəsəbəsində yerli əhalinin öz maddi imkanları hesabına tikilən məscidin sökülmə göstərişi verilib.
Göstərişin kim tərəfindən verildiyi isə məlum deyil. Bununla bağlı kənd sakinləri sosial şəbəkələrdə həyəcan statusları paylaşıblar. Qəsəbə sakini Həmid Həsənovdan əldə etdiyimiz məlumata görə, məscidin sökülməsinə əsaslı arqument gətirilmir: “Bu məscid hər hansı imkanlı şəxsin deyil, kənd camaatının şəxsi imkanları hesabına tikilib. Artıq başa çatmaq üzrədir. İndi isə deyirlər ki, sökün. Niyə söküldüyünü isə deyən yoxdur. Bu məscidin tikildiyi ərazini isə bu kənddə yaşayan hacı vəqf edib. Torpaq da onun adınadır. İstəyirik ki, səsimizi bütün Azərbaycan eşitsin. Bu məscid sökülməsin”.
Faktı dəqiqləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə əlaqə saxlamağa çalışsaq da, dəfələrlə etdiyimiz cəhdlər heç bir nəticə vermədi.
***
Bu dəqiqəyə olan məlumata görə, Şəmkirdə məscidin söküntüsü müvəqqəti dayandırılıb. Şəmkir və Tovuzun qonşu kəndlərindən Zəyəm qəsəbəsinə gələn inanclıların və kənd sakinlərinin etirazından sonra bu addımın atıldığı bildirilir. Faktı Zəyəm qəsəbə sakini Oruc Quliyev də Hafta.az-a açıqlamasında təsdiqləyib: “Onlar ibadət evinin sökülməsinə etirazlarını bildiriblər. Hazırda əraziyə özünü Şəmkir Rayon Polis İdarəsinin rəisi kimi təqdim edən Füzuli adlı şəxs gəlib. Camaatla söhbət aparılır. Məscidin ərazisinin sənədləşməsi də tezliklə həll ediləcəyi haqda camaata söz verilib”.


449 dəfə oxundu