Prezident 2 sərəncam, 6 fərman imzaladı

Prezident 2 sərəncam, 6 fərman imzaladı


Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286) 3-cü hissəsinin “Komissiya sədrinin müavinləri” bölməsində “Əli Abbasov” sözləri “Ramin Quluzadə” sözləri ilə, “Komissiyanın üzvləri” bölməsində “Samir Nuriyev” sözləri “Əsgər Ələkbərov” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 2.2.1.3-cü yarımbənd əlavə edilsin:

“2.2.1.3. tam orta təhsil;”;

1.2. 4.15.5-ci yarımbənddə “ümumi orta təhsil” sözlərindən sonra “, tam orta təhsil” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanını “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623; 2015, № 8, maddə 909; 2016, № 3, maddə 527) 2.18-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.19-cu bənd əlavə edilsin:

“2.19. həmin Qanunun 53-1.5-ci və 53-1.7-ci maddələrində nəzərdə tutulmuş maliyyə bazarına nəzarət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir.”.

18:48

İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 337; 2009, № 3, maddə 163) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.0.15-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”.

2. 3-cü hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
***

İlham Əliyev “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 707; 2003, № 10, maddə 585; 2004, № 12, maddə 1004; 2009, № 3, maddə 163; 2014, № 6, maddə 644) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “dövlət nəzarətini” sözləri “nəzarəti” sözü ilə, “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

2. 7-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. daşınmaz əmlak barəsində sərəncam verilməsi mexanizminin tənzimlənməsi sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınmaqla, rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri tərəfindən müvafiq notariat hərəkətlərinin aparılması məqsədi ilə onlara daşınmaz əmlakın dövlət reyestri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi ilə elektron informasiya mübadiləsi imkanının yaradılması üçün zəruri tədbirlərin görülməsini üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi barədə müqaviləni təsdiqlədikdən dərhal sonra onları elektron informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 15, № 10, maddə 1136) ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na aşağıdakı dəyişikliklər edilsin:

1. Siyahının 1-ci hissəsinə aşağıdakı məzmunda 1.11-ci bənd əlavə edilsin:

“1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.”.

2. Siyahının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3-cü bənddə “yaşayış evlərinə” sözlərindən sonra “və (və ya) onların yerləşdiyi torpaq sahələrinə” sözləri əlavə edilsin;

2.2. 2.4-cü bənddə “texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
376 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...