Yaxın Şərq yeni savaşın astanasında - Moskvanı cəzalandırmaq üçün yeni plan
Yaxın Şərq və Şərqi Avropa uğrunda yenidən super güclərin mübarizəsi qızışmaqdadır. Suriya böhranı da sübuta yetirdi ki, Rusiya ABŞ-a dünyanın yenidən bölüşdürülməsini təklif edir. Vaşinqton isə birqütblü dünyadan imtina edən fiqura bənzəmir. Ağ evdə belə fikirləşirlər ki, Moskvanı cəzalandırmaq zamanın tələbidir və onun MDB məkanından qovulması vaxtıdır.
Vaşinqton hesab edir ki, Ukraynada rus ordusunun qarşısında NATO qoşunları dayansaydı, bu boyda rəzalət də yaşanmazdı. Qərb anlayır ki, Putin demokratik sivilizasiyanın sonunu yaxınlaşdırır. Özünü qorxunc Rusiya çarı kimi təqdim edən Putin yeni tarix yaradır. Bu tarixdə zəiflərə yer qalmır. Güclü zəifi əzir, məhv edir. Putin qana susayıb. Terror, işğal onun üçün bir həyat normasına, bir mövcudluq tərzinə çevrilib. Bu isə Putinin yeni işğalçı addımlara sövq edir. Rusiyanın son addımları heç bir hüquq norması ilə bir araya sığmır. Bu ölkə terror həyata keçirən bir dövlətə çevrilib. Terrorçu ilə danışmağın yolu yalnız zora qarşı zorla çıxış etməkdir.
Bu gün dünyanı terrorla hədələyən Rusiyanın nüvə silahına malik olması hər kəs üçün təhlükə mənbəyidir. Putin nüvə silahına güvənərək, hər kəsi əzmək istəyir. İraqı guya nüvə silahı olduğunu görə cəzalandıran Qərb yaxşı olardı ki, Putini “nüvə çantası”ndan məhrum etmək barədə düşünərdi.
Əks təqdirdə, dünya özü yox olacaq. Rusların Ukraynanı az qala işğal etməsi göstərdi ki, heç bir MDB ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə həyata keçirməyə qadir deyil. Bu baxımdan MDB ölkələri bu məsələdə seçim etməyə məhkumdur. Düzdür, Azərbaycanda xarici hərbi birləşmələrin olması məsələsi qanunvericilik səviyyəsində həll olunmalıdır. Lakin Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirə bilər, növbəti etapda isə bu məsələnin qanunverici həllini tapmaq mümkündür.
Yaxın Şərqdəki son proseslər, İran, Əfqanıstan, İraq problemləri, Rusiyanın Azərbaycan və Gürcüstana hərbi müdaxilə təhdidləri də qardaş Türkiyə ilə hərbi əməkdaşlığı qaçılmaz hesab edir. Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. Azərbaycan hakimiyyəti belə bir qərara razılıq verməsi, Tehran və Moskvanın qəzəbinə səbəb ola bilər, odur ki, Vaşinqton bu məsələdə seçim etməlidir. Türkiyə qoşunları NATO tərkibində də Azərbaycanla əməkdaşlıq edə bilər. ABŞ NATO qoşunlarının ilk növbədə Xəzər dənizində (Rusiya, İran və Türkmənistanla sərhəddə), Dağıstanla sərhəddə, Cənub bölgəsində və xüsusən də Rusiyanın hərbi nəzarətində olan işğal edilmiş Qarabağ ərazilərində yerləşdirilə bilər.
Qərbin hədəfində eyni zamanda Orta Asiyadır. Qazaxıstan isə Orta Asiyada geopolitik əhəmiyyətinə görə mühüm dövlətlərdən biridir. Uzun müddətdir Qazaxıstan uğrunda ABŞ və Rusiya arasında mübarizə gedir. Göründüyü kimi dünyanın yenidən bölüşdürülməsinin yeni mərhələsi başlayıb. Rusiyanın bu savaşdan qalib çıxmaq şansı böyük deyil. Lakin dünyada yeni nizam qurulur. Bu baxımdan, Cənubi Qafqaz və Azərbaycanın yeri önəmlidir. Bakı və Ankara sadə olmayan vəziyyətdə müştərək addımlar atırlar. Hər iki ölkənin marağı qarşlıqlı hərbi əməkdaşlığı zəruri edir. Bakı və Ankaranın geosiyasi addımlarını koordinə edirlər. Bu, qonşu ölkələrin qıcığına səbəb olur. Lakin Azərbaycan və Türkiyə qarşılıqlı maraqlar əsasında addım atırlar. Bu baxımdan bölgənin iki mühüm oyunçusunu neytrallaşdırmaq elə də asan deyil...
Avropa.info-nun ekspert qrupu
334 dəfə oxundu