“Yol terroru”nda ölməyin fərqi: Oğlu adam öldürən Nəsimi icra başçısı lənkəranlı şofer olsaydı...

“Yol terroru”nda ölməyin fərqi:


Azərbaycanda yol qəzasında ölmək fərqlidir. Baxır, səni hansı təbəqəyə məxsus sürücü vurub öldürəcək.

Məsələn, bu "yol terrorçusu” "Porşe” sürən biznesmen Fizuli Fərəcovun 16 yaşlı balası da ola bilər, "Neftçi”nin oyunçusu olmuş Araz Abdullayev də, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini olmuş Mübariz Mədətovunun oğlu Xalid də, Nəsimi rayon icra başçısı Asif Əsgərovun oğlu İlham da...
Amma Lənkəranın Veravul kənd sakini, kimsəsiz marşrut şoferi Lətifov İltimas İmran oğlu da qarşınıza çıxa bilər.

Sonuncu yüngül bir qəzaya görə cibindəki son qəpiyinə qədər soyulub buraxılması istisna olmaqla qalanları insan həyatına son qoysa belə, onları ağır cəza gözləmir.

Bu baxımdan BakuPost.az son illərdə baş verən yol qəzalarını törədənlərə paradoksal münasibətə diqqət çəkib.
Bu günlərdə biznesmen F.Fərəcovun 16 yaşlı oğlu Ağaəlinin 24 yaşlı iki uşaq anası Xəyalə Məmmədovanı "Porşe” markalı maşınla vurub öldürməsindən sonra məhkəmə onu cərimələməklə kifayətləndi.

Lənkəranlı avtobus şoferi isə qəzada zərər çəkən yaşlı xanımın Dövlət Yol Polisinin zabiti olan oğlu və hadisəni araşdıran müstəntiqi başda olmaqla, ciddi məbləğlərdə pullar tələb etməsi ilə üzləşib. Bu tələbləri yerinə yetirməyən İ.Lətifov həbs təhlükəsi qarşısındadır.

Məmmədova Simuzər Qəmbər qızı piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən, ehtiyatsızlıqdan sifətinin sağ hissəsi, daha dəqiqi sağ almacıq sümüyü onun idarə etdiyi avtobusun sağ hissəsinə dəyib və o yerə yıxılıb.
İltimas Lətifov dərhal hadisə yerinə təcili yardım briqadası çağırıb. (Yazını BUADAN oxuyun)

“Yol terroru”nda ölməyin fərqi:


"Oğlu Azər Məmmədov polis olmasından istifadə edərək, istintaq orqanı əməkdaşları ilə əlbir olub və mənə qarşı absurd ittihamlar irəli sürüblər.

Həmin iddialar əsasında da ittiham aktı hazırlanıb. İttiham aktında göstərilib ki, Simuzər Məmmədovaya guya, sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət vurulub. Bunun ekspert rəyi ilə təsdiq olunması da təşkil olunub. Bu isə tamamilə absurddur.

Çünki hadisədən dərhal sonra həkim mənə ciddi bir xəsarət olmadığını bildirmişdi. Yol-nəqliyyat hadisəsinin istintaqını aparan Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Qubadov Müşviq Elçin oğlu istintaqı qanunvericiliyin normalarına uyğun şəkildə aparmadı.
Baş müstəntiq digər polis əməkdaşı Azər Məmmədovla əlbir oldu. Məni Heydər Əliyev Sarayının qarşısına dəvət edən Müşviq Qubadov bildirdi ki, "8000 manat pul ver, ittiham aktını gözünün qarşısında cırım, elə bil belə bir hadisə olmayıb, 2 saatdan sonra yadından çıxar.
Mən heç bir cinayət hadisəsi törətmədiyimi baş müstəntiq Müşviq Qubadovun nəzərinə çatdırdım.
Etmədiyim cinayətə görə, nə üçün pul verməli olduğumu sual verdikdə müstəntiq bildirdi ki, "bura Azərbaycandır, haqlı olduğunu sübut etmək üçün pul verməlisən””.

... Yüngül bir qəzaya görə 8 min manat və həbs təhlükəsi ilə üzləşən sürücü İltimasdan fərqli olaraq "Mcdonalds” restoranlar şəbəkəsinin Bakı üzrə rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevi yol qəzasında öldürən Nəsiminin icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli barədə 5 il həbs cəzası çıxarılsa da, az sonra ev dustaqlığına buraxılır.

BakuPost.az yada salır ki, icra başçısı gənc Sənanın qanını batırır və oğlunu həbsdən çıxarıb xaricə göndərir. Bunu mərhumun atası da məhkəmədə bildirmişdi.

Yaxud xalq artisti Ağasəlim Abdullayevin arvadını və nəvəsini sərxoş vəziyyətdə idarə etdiyi maşınla öldürən gəmi idarəsinin sabiq rəis müavininin oğlu əfv fərmanı ilə azadlığa çıxır.

“Yol terroru”nda ölməyin fərqi:


Sonuncu heç olmasa az da olsa həbsxana hücrəsində saxlandığı halda, Nəsimi icra başçısının oğlu sanki adam öldürməyibmiş kimi, birbaşa xaricə putyovka alır.

Hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu.

Oğlu İsmayıllıda iğtişaşlara səbəb olmuş Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırıldı. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov da oğlunun güdazına getdi.

Tərtər rayon icra başçısının keçmiş birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardandır.

Belə ki, V.Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Ancaq Nəsiminin icra başçısı və oğlu bu cinayətdən təmiz çıxdılar. Hətta o zaman Səbailinin başçısı olmuş A.Əsgərov Nəsimi rayonuna rəhbər gətirildi. ABŞ kimi supergüc dövlətin brendi olan "Mcdonalds” şəbəkəsinin yerli sahibi də bir məmura bata bilmədi və 16 yaşlı oğlu qudurğanlığın qurbanı oldu...

Bir tərəfdə 16 yaşlı oğlu iki uşaq anasını öldürür və azadlıqda gəzir, o bir yanda 16 yaşlı cavanın ömrünə son qoyan icra hakiminin oğlu xaricdə dincəlir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...